BU DAĞIN BAŞINDA VARDI BİR AĞAC

(Özümə)

Bu dağön başında vardı bir ağac…
Duruşundan bir qəriblik yağardı.
İtirib obasın,elin də sanki,
Buludları gözlərindən sağardı.

Bu dağın başında vardı bir ağac…
Yetməzdi təsvirin etməyə min söz.
Qış dondurub,yay yandırıb-yaxardı,
Nə yatıb-dincəlməz,nə yummazdı göz.

Bu dağın başında vardı bir ağac…
Söyləməzdi nə yaşını,ilini.
Təklənib,tək qalıb,Allah,bəlkə də,
Unutmuşdu ağacların dilini?

Bu dağın başında vardı bir ağac…
Min nisgil yaşardı hər yarpağında.
Amansız,vicdansız,qansız tufanlar
Qoymazdı üstündə bir yarpağın da.

Bu dağın başında vardı bir ağac…
Ah,elə gövrəkdi…Elə gövrəkdi!
Sevinci,fərəhi zərrə qədəri,
Əzabı yerlərdən lap göyədəkdi!

Bu dağın başında vardı bir ağac…
Anı gün,günü də il qədəriydi.
Bənzəyirdi mənə də bir baxışı,
Dünya gözlərində lap hədəriydi…

Bu dağın başında vardı bir ağac…
Öz dünyası,öz aləmi varıydı.
Çölündə olsa da lal-qaradinməz,
İçdə bəlkə bir odlu saz,tarıydı.

Bu dağın başında vardı bir ağac…
Nə ada möhtacdı,nə taxtı-taca.
Yaşadı beləcə…öldü beləcə.
Həm özü ucada,səbri ucada…

…Yaşadı beləcə…öldü beləcə,
Öldü,ölümə də olmadı möhtac.
İnsanlar! İnsanlar,bir dönüb baxın,
Bu dağın başında vardı bir ağac…

MƏZAHİR İSGƏNDƏR
www.kafiye.net