SƏN MƏNİM İLHAMIM, İLHAM PƏRİMDİN
(“Məktub”unu dönə-dönə oxudum)
Sən mənim ilhamım,ilham pərimdin,
Sən mənə göylərdən enən mələkdin.
Sən mənim həvəsim,sən mənim eşqim,
Sən mənə min arzu,min də diləkdin.

Sən mənim həvəsim,sən mənim eşqim,
Sən mənim nəfəsim,mənim səsimdin.
Sən mənim öz dünyam,sən öz aləmim,
Sən mənim gümanım,ümid kəsimdin.

Sən mənim öz dünyam,sən öz aləmim,
Yerim,göyüm,günəşimdin,ayımdın.
Sanki yüz il,min illərdi yatmışdım,
Səni gördüm,silkələndim,ayıldım.

Sən mənim damarım,sən mənim qanım,
Sən mənim qanadım,mənim qolumdun.
Sən mənim pərişan,nisgilli ruhum,
Sən mənim cənnətə gedən yolumdun.

Sən mənə göylərdən enən mələkdin,
Bir gəldin,göründün…uçub da getdin.
Alıb əllərimdən dini,imanı,
Yollarda buraxdın,qəriban etdin.

Bir gəldin,göründün,uçub da getdin,
Əllərim dalınca uzalı qaldı.
Hallandım,bir haldan bir hala düşdüm,
Dönmədin,sormadın:bu hal nə haldı?..

…Əllərim dalınca uzalı qaldı,
Nə bir döndün,nə dindirdin,nə dindin.
Heyif o günlərə,heyiflər,gülüm!
Sən mənim ilhamım,ilham pərimdin…

MƏZAHİR İSGƏNDƏR

www.kafiye.net