SƏNİ AXTARIRAM

Ağrılar – acılar qəlbimi oyur,
Cəllada çevrilib dərimi soyur,
Həsrət gözlərimi yollarda qoyur,
Səni axtarıram, səndən xəbərsiz!

Gecəyə dönəndən nurlu sabahım,
Azalmır içimdən harayım, ahım?
Ay mənim əzizim, nədir günahım?
Səni axtarıram, səndən xəbərsiz!

Bəlkə sən də məntək intizardasan,
Qəlbin qan ağlayır, ahu-zardasan?
Səsimə bir səs ver, axı hardasan?
Səni axtarıram, səndən xəbərsiz!

Yatmış bəxtimizi tamam ayılt, gəl,
Ayrılıq dönməsin şaha, qayıt gəl ,
Bəsdir qan ağladıq daha qayıt gəl,
Səni axtarıram, səndən xəbərsiz!

Niyə bilə-bilə odda yanaq biz?
Həsrətdən hicrandan kaş qalmaya iz.
Allaha bəllidir çəkdiklərimiz,
Səni axtarıram, səndən xəbərsiz!

Ayrılıq çəpərtək düşdü araya,
Döndü bəxtimizin ağı qaraya.
Tükənir taqətim, hay ver haraya,
Səni axtarıram, səndən xəbərsiz!

Qurut gözlərimdən axan yaşımı,
Kəsməsin dumanlar, çənlər qarşımı.
Dünya eşitsin bu axtarışımı,
Səni axtarıram, səndən xəbərsiz!

Zaur  Vedili

www.kafiye.net