ƏTƏNİM,ELİM DƏ  ŞEİRDİ MƏNİM

“Şeir qarın doyurmaz…”. Birisi belə dedi.

Bu dünyada kim söyülən,kim söyən…
Çoxalıbdı döyüləni min döyən,
Ey şeiri ulağa tərs mindirən,
Damağım,dilim də şeirdi mənim!

Qar altında bitən güləm,qoxlayın,
Kiməm? Nəyəm?-qovun,tutun,yoxlayın,
İstər xəncərləyin,istər oxlayın,
Yandırın,külüm də şeirdi mənim!

Asın,kəsin,canımı da alın siz,
Dağa-daşa salın ayaqyalın siz,
Tar eyləyin,saz eyləyin,çalın siz,
Bəmim də,zilim də şeirdi mənim!

Olsa ulduz sayı,olsa qum sayı,
Sərvət,dövlət bir samandan havayı,
Nəyim var ki bir qələmdən savayı?
İpəyim,tülüm də şeirdi mənim!

Odam,közəm…əlinizi vurmayın,
Soyumaram,özünüzü yormayın,
Məzahirdən “haralısan?”-sormayın,
Vətənim,elim də şeirdi mənim!..

MƏZAHİR İSGƏNDƏR
www.kafiye.nte