DÜNYA MƏHƏBBƏTDƏN ASILI QALIB..

Deyirlər dünyamız düzəlməyəcək,
Nə qədər ağıldan ucada şər var.
Deyirlər dünyamız düzəlməyəcək,
Nə qədər ər ilə yanaşı xər var.
*
Qara qüvvələrə pəl çəkəmməsək,
İnanma zorakı zordan düzəlsin.
Dayaz düşüncədən əl çəkəmməsək,
A qardaş,dünyamız hardan düzəlsin?
*
Bəli,yenənməsə ərlər xərləri,
Vicdan çiynimizdə şələ qalacaq.
Düzəldə bilməsək azmış sərləri,
Dünyamız dünyada kölə qalacaq.
*
Mərminin yerini el gülə versə,
Çölü də,düzü də fərəhlənəcək.
Dünya övladları əl-ələ versə,
Dünyanın özü də fərəhlənəcək.
*
Tökməyək dünyanın lilin dünyaya,
Arzular ürəkdə basılı qalıb.
Məhəbbət bəsləyək gəlin dünyaya,
Dünya məhəbbətdən asılı qalıb.

Nazlı Hacılı.
www.kafiye.net