Səadət varmı? 
Bir qız dedi:
–Mən inanmıram səadətin olduğuna.Çünki onu alıblar əllərimdən…

İNANMIRAM SƏADƏT VAR DÜNYADA
İnanıram!
İnanıram,səadət var!..

Sergey Yesenin.
^^^^^^^^^^
Axı,nədir səadət?
Görən,bilən varmıdır?
Göydən düşən üç alma…
Bir nağılmı səadət?..

Aytən Nuriyeva
***************
İnanmıram,səadət var dünyada!
İnanmıram,bir gün mənə dönəcək.
İnanmıram,məni yaxıb-yandıran
Bu dünyanın od-alovu sönəcək.

İnanmıram,səadət var dünyada!
Səadət uzaqda,qansız tuzaqda…
Bir görüb,qoxlayıb,gözüm gülməyib,
Dərdlə-qəmlə doludu bax,qucaq da!

İnanmıram,səadət var dünyada,
Səadət boş xəyal,yalan bir ilğım…
Səadət dənizlər dərinliyində
Qarnındadı bir tutulmaz balığın…

İnanmıram,səadət var dünyada,
Göstərməyib hələ bir yol üzünü.
Ömür kitabımdan,dil lüğətimdən
Sildiriblər səadətin izini…

İnanmıram,səadət var dünyada,
Dadmamışam…bilməmişəm nə dadın.
Çağırsam da,dönüb simurğ quşuna,
Çalmayıbdı başım üstə qanadın…

İnanmıram,səadət var dünyada.
Mən bir qayıq,o görünməz adadı.
Səadət,göz açıb,mən doğulandan
Bir qansız,amansız qurd ağzındadı…

…Mən bir qayıq,o, görünməz adadı,
Görüşdürməz bizi bir yol röya da.
Dadmamışam,bilməmişəm nə dadın,
İnanmıram,səadət var dünyada!..

MƏZAHİR İSGƏNDƏR

www.kafiye.net