TƏRTƏMİZDİ BAXIŞLARIN

Tərtəmizdi baxışların…
Sanki uşaq kimisən sən.
Hələ payız,qış görməmiş
Bir güllü yaz günüsən sən.

Tərtəmizdi baxışların…
Sanki iman yolusan sən.
Qönçəsində gözü gülən
Bir qızılgül kolusan sən.

Tərtəmizdi baxışların…
Sanki yeni doğulmusan.
Üzüb nə qəm dənizində,
Nə batmısan,boğulmusan…

Tərtəmizdi baxışların…
Sanki bulaq kimisən sən.
Hələ “Zarıncı” çalmayan
Bir telli saz simisən sən.

Tərtəmizdi baxışların…
Sanki günəş özüsən sən.
Nəğmə dolu gecələrdə
Bir ulduz,ay gözüsən sən.

Tərtəmizdi baxışların…
Sanki belə qalacaqsan!
Bir gün salıb kəməndinə,
De,neçə can alacaqsan?..

…Hələ,eşqin yağdırmayıb
Ey gül,göydən yağışların.
Hələ,uşaq kimisən sən,
Tərtəmizdi baxışların!..

MƏZAHİR İSGƏNDƏR.

www.kafiye.net