MƏN KİMƏM,GÖRƏSƏN, AXI MƏN KİMƏM

Mən kiməm görəsən,axı mən kiməm?
Bir şair? Dilənçi?..Ya da ki səfil?
Gah pay verib,gah da ki,əl açaram
Göylərə,yerlərə qəfildən-qəfil…

Gah pay verib,gah da ki əl açaram,
Bir üzüm gecədi,biri də gündüz.
Bir yanım sıldırım,sal qayalıqlar,
Bir yanım düzdən də hamardı,dümdüz…

Mən kiməm görəsən,axı mən kiməm?
Mən məni tanımaz,məni unudar.
Amansız fikirlər məngənəsində
Gah kaman olaram,gah da kamandar…

Gedirəm…gedirəm…gedirəm,ancaq
Bilmirəm bu yolun sonu haradı?
Sızıldayır,yanır ruhum,bədənim,
Biləmmirəm,ağrıyan yer haradı…

Mən kiməm görəsən,axı mən kiməm?
Nədən narahatam,nədən gümansız?
Gah oxşayıb,sevib özüm-özümü,
Gah oluram amansızdan-amansız…

Nədən narahatam,nədən gümansız,
Hansı hissdi edən məni qul,kölə?
Kim oxuya alnımdakı yazını,
Gəlib,mənlə qədərimi kim bölə?..

…Unuduram bəzən də öz adımı,
İçmədən sərxoşam,içmədən dəməm.
Soruşuram yerdən,göydən,hamıdan:
Mən kiməm? Görəsən,axı mən kiməm?..

MƏZAHİR İSGƏNDƏR.

www.kafiye.net