AĞLA ÖLƏN EŞQİMİZƏ DOYUNCA

Tökdü yarpağını ömür ağacım,
İtdi təravətim,sındı qamətim.
Hələ də,hələ də…hələ qönçədi
Gizli məhəbbətim,ilk məhəbbətim…
Müəllif
———-
Gülüm,nədən titrəmədik,əsmədik?
Kor şeytanın şər yolunu kəsmədik
Nə sən məni,nə mən səni səslədik,
Day,göz yaşın dağı-daşı yuyunca,
Ağla ölən eşqimizə doyunca!

Nə yaxşını,nə yamanı seçmədik,
Aralıqda olan səddi keçmədik,
Yana-yana bir bulaqgan içmədik,
Di,qəm-kədər ürəyini soyunca,
Ağla ölən eşqimizə doyunca!

Qoca dünya bildiyini eylədi,
Dərib,bizi ayrl-ayrı iylədi,
Bu nə işdi,nə kələkdi,hiylədi?
Tanrı bunu eşidincə,duyunca,
Ağla ölən eşqimizə doyunca!

Butasından olan qönçə açılmaz,
Gün çıxmasa,göylərdən nur saçılmaz,
Bu qədərdən,bu qismətdən qaçılmaz,
Çaylar,göllər,dənizlər də dolunca,
Ağla ölən eşqimizə doyunca!

Nəyimiz var,ki sayalar nə ayıb?
Qazanacaq nə sanayan,sanayıb?
O günləri xatırlayıb,haylayıb,
Sənli-mənli məzara baş qoyunca,
Ağla ölən eşqimizə qoyunca!..

MƏZAHİR İSGƏNDƏR.

www.kafiye.net