M Ə N S İ Z

Nə nalədi,nə fəryaddı,edərsən?
Gəl inləmə,inildəmə hədər sən,
Ay Məzahir,bir gün köçüb gedərsən,
Səndən yaxşısını tapmaz bu dünya!..
Müəllif
———
Köç edər,gedər də ömür karvanım,
Yerində bu dünya qalar da mənsiz.
Boşalıb min kərəm,dolub min kərəm,
Boşalar da mənsiz,dolar da mənsiz.

Kim çıxdı yadından,kimi unutdu?
Cavidi,Cavadı,Vurğunu uddu,
Bu dünya bir ağzı cəhəsiz qurddu,
O udar məni də,olar da mənsiz.

Yaralar üstündə bu dünya sal duz,
Ayırdı bülbülü,gül qaldı yalqız,
Mənimlə bağları qoşa gəzən qız
Meylini dağlara salar da mənsiz.

Ürəyimdə yaralardan iz dərin,
Ot bitirər qayalarda izlərim,
Qönçə-qönçə nəğmələrim,sözlərim
Sonsuz xəyallara dalar da mənsiz.

Məzahir üz tutdu ulduza,aya,
Almadı nə ulduz,nə də ay saya,
Sağkən bəyənmədi məni bu dünya,
Gedərəm,arxamca ular da mənsiz!

MƏZAHİR İSGƏNDƏR

www.kafiye.net