BƏYƏNMƏZ

Aşıq Abbas Tufarqanlının “Bəyənməz” rədifli qoşmasına nəzirə olaraq.

Ay həzarat,bir bilmədim illətin,
Dik durmayan,dik duranı bəyənməz!
Silkələyib,bir qəflətdə yatanı
Durdurmayan,durduranı bəyənməz!

Çabalayıb,bu bataqdan kim çıxa?
İtələyib,salan çıxmır açığa,
Biri nala vurar,biri də mıxa,
Düz vurmayan,düz vuranı bəyənməz!

Bu oyunda kim oynaya,kim çala?
Dəb dəyişib,gül deyirlər qanqala,
Nə yol salıb,nə də ki bir daş qala
Qurdurmayan,qurduranı bəyənməz!

Yaman olar,hər yediyin mor dada,
Qarışıbdı bir-birinə orta da…
Yüz don geyib,kimi qalıb ortada,
Nə oranı,nə buranı bəyənməz!

Ay Məzahir,hanı sözün duyanı?
Saya almaz sayılmayan,sayanı,
Day qarğa bülbülü,kafir “Quran”ı,
Haqq sormayan,haqq soranı bəyənməz!

MƏZAHİR İSGƏNDƏR.
www.kafiye.net