QAlX AYAĞA AZƏRBAYCAN!

!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

MƏN,MƏNDƏN ARALI ÖZÜM DEYİLƏM

Ya tamamlan,Azərbaycan,
Ya tamam yan,Azərbaycan!
M.Şəhriyar.

Bilməm bu cinayət,bu xəyanət,bu fəlakət
Bitməzmi,ilahi? Bu qədər səbrə nə hacət?
H.Cavid.

Mən kiməm?Səbrinə bir qul,bir kölə!..
Mən kiməm? Əlindən yurdu alınmış!..
Özümə küfrümdən,küdurətimdən
İçim də,çölüm də viranə qalmış…
MÜƏLLİF.

Mən,məndən aralı özüm deyiləm,
Mən,məndən aralı kimsəsiz,yazıq!
Bir mən gülü burnundaca solan yaz,
Bir mən də şaxtayıq,qarıq,ayazıq…

Mən,məndən aralı kimsəsiz,yazıq,
Mən,məndən aralı axı kiməm,kim?
Nə əlacı,nə təbibi olmayan
Bu məchul bəlanı necə mən çəkim?

Mən,məndən aralı axı kiməm,kim?
Bir gözüm yerdədi,biri göydədi.
Bir mən orda,bir mən burda verdi can,
Nə o buna,nə bu ona göynədi…

Bir gözüm yerdədi,biri göydədi,
Sağ əlim sol əli sıxıb,barışmaz.
Fikrim də,hissim də,duyğularım da
Haçalanıb,bir-birinə qarışmaz.

Sağ əlim sol əli sıxıb,barışmaz,
Aralanıb bir-birindən dırnaq-ət.
Çəkilibdi öz qınına dilim də,
Bir sorammır:”Axı,nədi vəziyyət?”.

Aralanıb bir-birindən dırnaq-ət,
Bədən bir yandadı,baş bir yandadı.
Ay Allah! Ay Allah,ran buz bağlayıb,
Damar od tutubdu,lap büryandadı!..

…Dünənki atəşim,dünənki odum,
Ocağım,alovum,közüm deyiləm.
Mən,məndən aralı kimsəsiz,yazıq,
Mən,məndən aralı özüm deyiləm…

MƏZAHİR İSGƏNDƏR.
www.kafiye.net