YAŞAYIRAM BU ÖMRÜ MƏN İKİLİ

Özüm də bilmirəm,neçə yaşım var?
Bir bilsəm,söyləsəm,dilim yanacaq.
Üzdə görünsəm də qocadan-qoca,
Uşaqdan-uşağam içimdə,ancaq…
MÜƏLLİF

Dozlərim titrəyir,əllərim əsir,
Hələ də gözümdə gənclik həvəsi…
Sanki alıb-verdiyim də elə bil
On beş yaşlı bir oğlanın nəfəsi!..

Hələ də gözümdə gənclik həvəsi,
Hələ də burnumda ətri güllərin…
Bu ahıl,bu cavan,–ikili yaşda
Nə deyim,sınmasın xətri güllərin?

Hələ də burnumda ətri güllərin,
Bu necə arzudu,bu necə istək?
Alar məni qanadları üstünə,
Uçar da xəyallar…süzər də quştək…

Bu necə arzudu,bu necə istək?
Kəsilmişəm qocalığa yağı mən.
Bir əlimdə tər qönçə gül dəstəsi,
Bir əlimdə daşıyıram dağı mən…

Kəsilmişəm qocalığa yağı mən,
Ürək başqa yaşda,mən başqa yaşda.
Bir gözdə eşq odu,bir gözdə nifrət,
Mat qalmışam mən bu məchul savaşda.

Ürək başqa yaşda,yaş başqa yaşda,
İçim oddan,çölüm buzdan yamandı.
Bir yol göstər,Allah! Ya da qopar al
Məni mənim əllərimdən,amandı!..

…İçim oddan,çölüm buzdan yamandı,
Bu nə fərman? Bu nə nəsib? Bu nə sirr?
Hələ də burnumda güllərin ətri,
Dizlərim titrəyir,əllərim əsir…

MƏZAHİR İSGƏNDƏR.
www.kafiye.net