MƏNİ..

Ayrılıq kəlməsin dilinə alma,
Alarsan üz tutub arayar məni.
Gəl saf hissimizi qaraya salma,
Bir ömür uzunu qaralar məni…
*
Ürəyim sənsizlik oduna dözməz,
Dağlı ah dağları sıraya düzməz,
Min şirin şirnikib qəlbimi üzməz,
Bir acı beş yerdən yaralar məni..
*
Rəbbim əfv eyləyər qəbahət olsa,
Nisgil dərd gətirməz məhəbbət olsa,
İçində bir zərrə mərhəmət olsa,
Vüsalın həsrətdən aralar məni.
*
Tumarı,xumarı saxla sevginə,
Eşqin eşq deyilsə,ağla sevginə,
Bağlaya bilirsən,bağla sevginə,
Qoyma intizardan soralar məni.
*
Saxlama sevgimi zülümdə yalqız,
Görmək çətindirmi saçımı qarsız,
Səni tapacaqlar könlümdə yalnız,
Cərrahlar nə qədər yaralar məni.
*
Hacılı gen düşər təni tapmasa,
Mərd mərd ola bilməz dini tapmasa,
Səni də yaranlar məni tapmasa,
Öz içim içimdən paralar məni…

Nazlı Hacılı.
www.kafiye.net