İkinci məktub 

(Yalnız düşünməyi özlərinə ar bilməyənlər üçün. Bunu özünə ar bilmirsənsə, oxu)

YAZIQ BİZƏ… BİR GÜN AĞLAMADIQ ÖZÜMÜZƏ

Ah,köpürdükcə bu xain bəşər,
Yer üzü daim qusacaq zülmü şər.
Məzhəbə dönmüş də bütün kainat,
Qeyri çəkilməz bu müləvvəs həyat…
H.CAVİD

Min-min,
milyon-milyon günlər,
aylar,
illər,
fəsillər,
qərinələr,
əsrlər elə beləcə…
beləcənə gəlib keçdi.
Milyonlar gəldi…Milyonlar köçdü…
Kimi əkəmmədi…
Kimi biçəmmədi…
Kimi döyəmmədi…
Kimi yeyəmmədi…
Kim tapmadı birini,
kimi olub beş əlli,qarmaladı beşini.
Kimi bəyəndi,
kimi bəyəmmədi fələyin gərdişini.
Dünyasa beləcənə…
beləcənə…
beləcənə…
elə,beləcənə qaldı.
Güvəndi özünə…
Güvəndi dizinə…
Nə qəm qondu üzünə,
nə çöp düşdü gözünə.
Kimi ağlaya-ağlaya,kimi gülə-gülə öldü.
Kiminin gülüşü kimi öldürdü,
kiminin göz yaşı kimi güldürdü…
Təndirinə bu dünya nə qaldı ki,yapmadı?
Dərdi olan dərman,
dərmanı olan dərd tapmadı…
Kimi od oldu,kimi kül…
Kimi tikan,kimi gül…
Kim bildi,
kim bilmədi,-daşıdığı yükü nə?
Kimisi dərdə güldü…kimisi dərd çəkənə.
Beləcənə…
Beləcənə…
Beləcənə…
Beləcənə yaşadı dərd çəkən,çəkməyən də.
Yığıb,çəkdi köçünü bir gün…
bir axşam çağı…
ya da ki,gün doğanda
bu dünyanın önündə diz çökən,
çökməyən də.
Dənizlər quruyacaq…
Dağlar uçulacaq…
Çaylar səmtini,küləklər əsimini dəyişəcək…
Dünya dəyişməyəcək ki,dəyişməyəcək!..
Dünya olub beləcə…
Beləcə də olacaq!
Yüz-yüz,
min-min,
milyon illər hələ bundan belə də 
boşalacaq…
dolacaq…
Kimi kimi atdan endirəcək…
Kimi kimini ata mindirəcək…
Kimi kiminin çırağını yandırıb,
kimi kiminin çırağını söndürəcək…
Əli tutan,tutmayana daş atacaq…
Beləcənə…
Beləcənə…
Beləcənə…
Beləcənə,sənin-mənim əlimlə,
sənin mənə,mənim sənə zülmümlə
dünya özünü olduğu kimi,
“doğulduğu” kimi yaşadacaq.
Kimini ocağına quru,kimini yaş atacaq…
Elə biz də…
Biz də…
Biz də…
Biz də dünyada qalacağıq bu cürə!
Vurub haqqı-imanı,düz yolu da zəncirə,
sən məni,mən səni atdan endirəcək…
sən məni,mən səni ata mindirəcək…
sən mənə,mən sənə daş atacağıq.
Ağla qaranı qatacaq,
Şoru lor,loru şor qiymətinə satacaq,
sən mənim,
mən sənin günahına batacağıq…
Dünya olub beləcə…
Beləcə də olacaq!
De,kim oldu günahkar ?
Sənmi?..Mənmi?..Dünyamı?
Yaşadacaq inadı
aylar,
illər,
fəsillər,
qərinələr,
əsrlər min illər də dünyanı.
Gündüzlər günəşi,gecələr ayı-ulduzu çıxacaq…
Yazda,payızda yağışı,qışda qarı yağacaq…
Ömrün-günün sürüb də,
yenə kefin çəkəcək,fırlanıb öz oxunda.
Qalacaqdır bu dünya elə,bu boy-buxunda!
Eh!..
Eh!..
Eh!..
Dəyişən biz..
Qocalan biz..
Ölən biz!..
Açıq,ya da gizlicə
sənin-mənim əlimlə qazılacaq qəbrimiz…
Yazıq bizə!
Yazıq bizə!
Bir gün ağlamadıq özümüzə…

MƏZAHİR İSGƏNDƏR
www.kafiye.net