BUMU İNSAN

————————
Kəssə hər kəs tökülən qan izini,
Qurtaran dahi odu yer üzünü.
H.Cavid
————-

Kiməm mən?Nəyəm mən?De mənə,Allah!
İnsanam? İnsanda qana həvəs nə?
İçimdə qurd olan heyvani şəhvət,
Çölümdə etiqad!..Onda bu bəs nə?
H.Cavidə həsr etdiyim “Ağlayan
məzar” poemasından.
————————–

Ey olan zülmdə baş,ağlıçaş insan!
Sopsoyuq,bumbuz olan qəlbi daş insan!
Əməlin gör necə də vahiməli?
Sökülüb sanki day insan təməli.
Bumu insan ki,ölüm,qan hərisi?
Bumu insan,soya insan dərisi?
Bumu insan ki,ola qan çanağı?
Bumu insan ki,çəkə haqqa dağı?
Bumu insan ki,su yox,al qan içə?
Nə yazlq insana,insana var ikən!..
Nə yazıq göylərə həm,yerlərə həm,
Od olub göy ilə,həm yerlə bahəm.
Ah çəkib,cümlə dənizlər də yanar,
Su yanan yerdə oda kim dayanar?
Yaranan canlı və cansız da naçar,
Bir görüb insanı,ah,cin də qaçar!
Bumu insan ki,kama yetmiş idi?
Yaradıb,Tanrı ali etmiş idi?
Bumudu hər mələkdən öndə gedən?
Bumudu şeytani Allahdan edən?
Bumudu Tanrının insan umudu?
Bumu insan?
Bumu insan?
Bumudu?
İnsanmı peşiman,yoxsa ki şeytan?
Oxu bəşər tarixini…oxu,qan!
Mələklər insanı süzüb,çəkər ah,
Şeytani güldürən insana ey vah!
Hələ dur!Dırmanıban,bir dağa qalx,
Gəzdirib gözlərini,ətrafa bax.
Bir baxıb,seyr eləyib,ol da dəli,
Dərs verər şeytana insan əməli…
İnsandan çox öncə yarandı şeytan,
Tanrının önündə dayandı şeytan.
Sevimli mələkdi o da Allaha,
İnsan yaranınca,batdı günaha.
Bəlkə də duymuşdu,insan nədi,nə?
Bəlkə,bu dəymişdi heysiyyətinə?
Yaranan əşrəfi-məxluq olalı,
Yaranıb,qəlbinə min kin dolalı,
Çapır hər yanda fəlakət və ölüm,
Min cürə fitnə-fəsad,min də zülüm.
Hanı insaf?
Hanı mürvət?
De,hanı?
Kim olar,qurtaran oddan cahanı?
Kim olar möcüz olub,kin bitirən?
Kim olar ortada bir gül bitirən?
Kim ola? Kim becərə day BARIŞIQ?
Kim ola aləmə bir EŞQ yaraşıq?
Kim ola?
Kim ola?
Kim ola?!..

Mezahir İsgender
www.kafiye.net