DEYİRSƏN…

Birinə “Ağ şanım”,birinə “Canım”
Birinə Günəşim,Ayım deyirsən.
Birinə damarda çağlayan qanım,
Birinə Tanrıdan payım deyirsən.
*
Əcəb doluşublar başına sənin,
Aşiqlər gözünə,qaşına sənin,
Baxmırlar nədənsə yaşına sənin,
Eşq mənim çörəyim,suyum deyirsən..
*
Birinə əl verib,göz eyləyirsən,
Birinin bir eşqin yüz eyləyirsən,
Sanırsan hər nə var düz eyləyirsən,
Özündən kiçiyə tayım deyirsən.
*
Günlərin ötüşür şənin içində,
Ürəyin tən olur tənin içində,
Bu həyat çox xoşdur sənin üçün də,
Mənim də belədir huyum deyirsən..
*
Qəlbimi sındırıb pərişan etdin,
Mən varkən sən gözəl dalınca getdin,
Cəhd edib bir eşqin sonuna yetdin,
Bu üzlə səni nə sayım deyirsən?

Nazlı Hacılı.
20.06.2016.
www.kafiye.net