BAQQALIN BORC DƏFTƏRİNƏ
ŞAİR XƏCALƏTDİ,DƏDƏ

( İçimi için-için yandıran bir hadisə ilə əlaqədar olaraq yazılmışdır ).

Yan, alova – oda calan,
Olmaz şeiri saya alan,
Yağmalanıb,olub talan,
Söz evi qarətdi,DƏDƏ!

Beyin yeri olub kaha,
Yox beynə başda yer daha,
Day,kəlamdan kələm baha…
Yaman ticarətdi,DƏDƏ!

Bir bax sözün qədərinə,
Bürünüb qəm-kədərinə,
Baqqalın borc dəftərinə
Şair xəcalətdi,DƏDƏ!

Nə huridi,nə də mələk,
Zaman başdan-başa kələk,
Saz dindirib,söz söyləmək
Sanki qəbahətdi,DƏDƏ!

Bu nə mahnı,nə avazdı?
Yazi-pozu yalavacdı,
Şairdən baş kəndirbazdı,
Gör,nə əlamətdi,DƏDƏ?!

Nə şəm,şəmə pərvanəlik,
Nə qalmadı divanəlik,
Ayaq başda mərdanəlik,
Başda yaman,bəddi,DƏDƏ!

Qələm yanıb,çəkib əfğan,
Qoşma,təcnis axıtdı qan,
Day nə qəzəl,nə qəzəlxan?
Dərd əlacsız dərddi,DƏDƏ!

Heç bilməzsən,nə halətdi
Zülm əllərdə bir alətdi,
İç rəzalət,cəhalətdi,
Üzdə fəzilətdi,DƏDƏ!

Söz ağladı uzun-uzun,
Əritmədi qəlblər buzun,
Al qopuzun,çal qopuzun,
Qiyam-qiyamətdi,DƏDƏ!
Qiyam-qiyamətdi,DƏDƏ!

(Beyin yeri olub kaha…
Burada “kaha” sözü qoyun-
quzu saxlanılan yer anlamın-
dadır).

Mezahir  İsgender
www.kafiye.net