ƏLLƏRİM ƏLİNƏ TOXUNMADI Kİ

Əllərim əlinə toxunmadı ki…
Sən məndən,mən səndən çox uzaq olduq.
Sağ ikən dünyaya deyib əlvida,
Sən orda,mən burda qəbrə qoyulduq.

Sən məndən,mən səndən çox uzaq olduq,
Nə sənə,nə mənə bir yaz gəlmədi.
Enib,qalıb dizimizdə başımız,
Nə sənin,nə mənim üzüm gülmədi.

Nə sənə,nə mənə bir yaz gəlmədi,
Gün-günü buzlaşdıq,gülüm,don olduq.
Bir qərib dilində,bir sarı simdə
Həsrət nəğməsinə döndük,oxunduq.

Bir qərib dilində,bir sarı simdə
İnlədik,sızladıq,yandıq-töküldük.
Bir özülsüz,bir memarsız ev kimi
Tikilmədən,qurulmadan söküldük.

İnlədik,sızladıq…yandıq-töküldük,
Sən mənim,mən sənin səsin duymadıq.
Bizi yarı bölüb,keçən bu çayda
Nə yazıq! Nə yazıq,körpü qurmadıq!

Sən mənim,mən sənin səsin duymadıq,
Sən mənə,mən sənə eylədik acıq.
Eşq üçün acından ölən könülə
Sığal çəkib,rəhm etmədik azacıq…

Həsrət nəğməsinə döndük,oxunduq,
Bir vüsal nəğməsi oxunmadı ki!
Olsan da həvəsim,səsim,nəfəsim,
Əllərim əlinə toxunmadı ki!..

Mezahir İsgender
www.kafiye.net