NƏ GÖZƏLDİ  BU GÖZƏLİN GÖZLƏRİ

Saçlarında küləklərin tumarı,
Ürəyində məhəbbətin qubarı.
Mümkün deyil sevməmək bu nigarı,
Nə gözəldi bu gözəlin gözləri.

Könül verdim o, nazəni gözələ,
Gözəl döndü gözəllərdən gözələ.
Bu gözəllik sığmaz şeirə, qəzələ,
Nə gözəldi bu gözəlin gözləri.

Baxışıyla məni məftun eləyir,
Ürəyimi eşq oduna bələyir.
Sevən könlüm dilə gəlib söyləyir,
Nə gözəldi bu gözəlin gözləri.

Qaşı kaman, kiprikləri oxdu, ox,
Ona qarşı məhəbbətim çoxdur, çox.
Bu dünyada bunun tayı yoxdur, yox,
Nə gözəldi bu gözəlin gözləri.

Gözəllikdə tayı yoxdur o, təkdi,
Dünya ona, o, dünyaya bəzəkdi.
İnsan deyil, vallah huri-mələkdi,
Nə gözəldi bu gözəlin gözləri.

26.12.2001
Zaur Vedili
www.kafiye.net