HƏLƏ Kİ,SƏN QÖNÇƏSƏN

Hələ ki,sən qönçəsən,
Tələsmə,gül olasan.
Budağından dərilib,
Qoxlanasan,solasan.

Hələ qışsız,payızsız,
Ömrün ilk yazındasan.
Xoş bir şirin yuxuda,
İşvəndə-nazındasan…

Hələ,sən bir qönçəsən,
Fərəh yağır gözündən.
Hələ,süzüb axmayıb
Göz yaşları üzündən.

Hələ nə qəm,nə kədər
Ürəyinə dolmayıb.
Hələ ki,yol-yolağan
Nə od,alov olmayıb…

Hələ,sən bir qönçəsən,
Görən yanır,odlanır.
Rəqib sanıb özünə,
Cənnət yaman qısqanır.

Hələ,səndən yan keçir
Qara yellər,küləklər.
Hələ,səni qoruyur
Xoşniyyətli mələklər…

Hələ,sən bir qönçəsən,–
Öz dünyan,öz halında!
Hələ arzun-istəyin
Ləçəklərin sayında!

Tərk etməyib hələ ki,
Bal dodağın gülüşün.
Bir də gəlməz ələ ki
Görünüşün,duruşun…

Möhtəşəmsən,gözəlsən
Beləcənə,necə sən?!
Qoy da gülsün gözlərin,
Hələ ki,sən qönçəsən!..

Mezahir İsgender
www.kafiye.net