HƏLƏ DƏ,DƏLİDƏN- DƏLİYƏM,ALLAH

Hələ də,gəncliyin havası başda,
Hələ də,dəlidən-dəliyəm,Allah!
Çölüm bənzəsə də damdayaz gölə,
İçimdə dağların seliyəm,Allah!

Hələ də,dəlidən-dəliyəm,Allah!
Hələ də,ürəyim eşqə həvəsli!
Hələ də,ruhumu oxşar bir gözəl,–
Bənövşə nəfəsli,nərgiz nəfəsli!

Hələ də,ürəyim eşqə həvəsli,
Hələ də,bir şəmin pərvanəsiyəm.
Hələ də,bülbüldən olub beş-bətər,
Od tutub,bir gülün divanəsiyəm!

Hələ də,bir şəmin pərvanəsiyəm,
Hələ də,həmsöhbət dağ-daşdı mənə.
Hələ də,həmdərdim ulduzdu,aydı,
Həm mehlər,küləklər sirdaşdı mənə!

Hələ də, həmsöhbət dağ-daşdı mənə,
Hələ də Məcnunam,Fərhad,Kərəməm!
Hələ də şütüyüb,keçib yolları,
Yetməmişəm vəsl olduğu yerə mən.

Hələ də Məcnunam,Fərhad,Kərəməm,
Hələ də,eşqdən yanar,sönmərəm.
Daşlara yazdığım məhəbbətimdən
Hələ də,hələ də…hələ dönmərəm!

Hələ də,eşqdən yanar,sönmərəm,-
Qocalıb,olsam da lap dünya yaşda.
Hələ də,dəlidən-dəliyəm,Allah,
Hələ də,gəncliyin havası başda!..

Mezahir İsgender
www.kafiye.net