DİVANƏYƏM MƏN

Məndən sonra məni qanıb,
Bir anlayıb,bilən varmı?

Durun,nolar,Bir Allahı sevərsiz,
Dəyməyin,dəyməyin! Divanəyəm mən.
Dağılıbdı nə var–içim,çölüm də,
Görün də necə bir viranəyəm mən?!

Nə bilməzsən,adı nədi peşəmin,
Nə görməzsən nişanəsin nəşəmin,
Alovuna vurulduğum bir şəmin
Yaxıb,kül etdiyi pərvanəyəm mən!

Göz yaşımın qabağında dürr nədi?
Anlamazsan,nə bilməzsən-sirr nədi?
Od istəsən,gəl al məni,bir nədi,
Min ömür sönməyən zəbanəyəm mən!

Vərəqləsin,kimlər məni oxusun?
Bir oxuyan,yadırğayar yuxusun,
Gülün gözlərində solma qorxusu,
Bülbülün dilində fəğanəyəm mən!

Ay Məzahir,de,kim olar tən mənə?
Tapılmadı bu zəmidə dən mənə,
Dönüb etdi qarğalar da tən mənə,
Nə olsun,sözləri rəvanəyəm mən?!

Mezahir İSGENDER
www.kafiye.net