DEYİRLƏR Kİ, BU GÜN ŞAİRLƏR GÜNÜDÜR
(Görəsən,heç olmasa öz günlərində onları əks etdirən bu şeiri oxumağa səbrləri çata-caqmı onların?)

DAY,YAS TUTUB,AĞIAYIN BU QƏIƏMƏ

“Göylərin altında bir xəzinə var ki, onun da açarı şairlərdədi. O açar şairlərin dilidir”.   Peyğəmbəri-əkrəm(s).

Allahın Rəsulu belə demişdi…
Allahın Rəsulun eşidən də kim?
Boğdurdular şairi öz qanında
Ürəkdə ədavət,gözlərdə min kin.

Şeytanlar,iblislər gəldi üstünə,
Xıncım-xıncım Haqq edildi,basıldı.
Qandallanıb,zəncirlənib birbə-bir
Söz boğazdan,şair dildən asıldı.

Fəzlullahın,Nəsiminin ruhu da
Haqq istəyib,kimə etsin xitabın?
Özün gör!Necə də ey Rəsulallah,
Bağlandı söz dünyasının kitabı!..

Bağlandı söz dünyasının kitabı,
Şairlər zindanla oldu qol-boyun.
Müşfiq güllələndi,Cavid kor oldu,
Tutdular qələmin başında toyun…

Tutdular qələmin başında toyun,
Elə bil,Kərbala müsibəti bu!
Allahın Rəsulu görən,bildimi
Qələmin-dəftərin son qisməti bu?!

Qələmin,dəftərin son qisməti bu!-
Haqq gəzib,atını çapmadı daha.
Qorxub diri-diri soyulmağından,
Şair doğulan da döndü məddaha…

Haqq gəzib,atını çapmadı daha,
Tərifləndi,-kim ki oldu iqtidar.
Kim ki yazdı ürəyindən keçəni,
Oxutdurdu son nəgməsin ona dar…

Tərifləndi-kim ki oldu iqtidar,
Adına min nəğmə,şeir yazıldı.
Beləcə…beləcə şair əliylə
Şairliyin məzarı da qazıldı…

Kim boyun əymədi,düşdü zindana,
Baş əyən Ordenlər,Medallar aldı.
Zülmətə alqışlar,zülmə alqışlar
Şairi şairlik taxtından saldı.

Zülmətə alqışlar,zülmə alqışlar
Şairə şairlik peşəsi oldu.
Day,gəlmədi bir də ilham pərisi,
Qələm də,dəftər də saçını yoldu…

Şair doğulan da döndü məddaha,
Düz alçaldı,yalan gün-gün ucaldı.
Day,dövranın mayasına nə deyim!?.
Mürəkkəbdən,qələmdən də bac aldı.

Day,dövranın mayasına nə deyim!..
Şairliyin əldən aldı şairin.
Pərvanədən,güldən üzün çevirib,
Qarın üçün yazdı şair şeirin.

Qarın üçün yazdı şair şeirin,
Beyin acdan öldü…qarın oldu tox.
Qarınçün ağlayan tapıldısa da,
Amma ki,beyinçün ağlayanı yox!

Qarınçün ağlayan tapıldı min-min,
Beyinçün ağlayan mində biridi.
Yazdı ac ölən də,toxdan ölən də,
Bilinmədi, kim ölüdü…diridi…

Allahın Rəsulu görən,bildimi,
Min şair bir qulun qulu-köləsi?
Min şair yansa da,zülmət qaçılmaz,
Nə odu bilinməz,nə də şöləsi.

Allahın Rəsulu görən,bildimi-
Şairlər bazarda lordan aşağı?
Şairlər saraylar həndəvərində
Dolanıb-dolaşan bir əl uşağı!..

Allahın Rəsulu görən,bildimi-
Qələm atdan düşüb,zəncirlənib təb?
Hava başqa hava…oyun özgəsi,
Sözə kül ələnib,day dəyişib dəb…

Şairi sevəndə Peyğəmbərimiz,
Şair şair idi,söz də söz idi.
Söz dünyaya Ayineyi-İsgəndər,
Şair qılı-qıldan seçən göz idi.

Mil çəkildi şairliyin gözünə,
Bilinmədi day göz nədi,gilə nə?
Çəkilib təbi də sanki göylərə,
Şair gəzdi söz dilənə-dilənə…

Şair gəzdi söz dilənə-dilənə,
Bələndi də qəm-qüssəyə,ələmə.
Ey Allahın Rəsulunu sevənlər,
Day,yas tutub,ağlayın bu qələmə!

Day,yas tutub,ağlayın bu qələmə!
Ağlayın!Yas tutun Cavidimə də!
Ağlayın sözə də! Ki qalıb yetim,
Ağlayın imana,həmi dinə də!

Ağlayın imana,həmi dinə də,
Ki olub dinsizlər əlində əsir.
Ağlayın o kəsə,o şairə ki,
Haqq istəyib,haqq deməyə tələsir…
(Daha bəsdi.Yoruldu gözlərim…)

MƏZAHİR İSGƏNDƏR
www.kafiye.net