İNAN Kİ

İnan ki,bu ayrılıq bağrımı qana döndərib.
Qəlbimi fəqir qula,özünü xana döndərib.

Bu hicrə tab eləmək çətindən çətindir inan,
Sevinc mən dərdlilərdən üzünü yana döndərib.

Fələyin qəsdinə bax,zövqə gəlib əməlindən,
İşıqlı dünyamızı zülmət zindana döndərib.

Vətən, torpaq həsrəti vaxtsız büküb qamətimi,
Hər bir bəndi-bərəni çənə,dumana döndərib.

Uzun illərdi ki,bu düşdüyümüz hicran odu,
Bizim sevincimizi acı hicrana döndərib.

Ətri gülə,çiçəyə bənzəyən yurd torpağını,
İlahi bir dərd üçün min bir dərmana döndərib.

Gör neçə illərdi ki,yurd həsrəti ,yurd nisgili,
Zaurun gözlərini selə,leysana döndərib.

27-Oktyabr 2011
Zaur Vedili
www.kafiye.net