DEMƏYİN Kİ, QOCALMIŞAM

(G Ö Z Ə L L Ə R Ə)

Nə olar,Allah eşqınə,
Deməyin ki,qocalmışam!
Min arzu,min istək ilə
Nə bitib,nə azalmışam,
Deməyin ki,qocalmışam!

Haqqa sarı düz getməyə,
Dada,imdada yetməyə,
Gözəlləri vəsf etməyə
Ömrü-günü borc almışam,
Deməyin ki,qocalmışam!

Varmı məncə çay,daşa da?
Daşa-daşa eşq yaşada…
Gördüyünüz bu yaşa da
Sevə-sevə ucalmışam,
Deməyin ki,qocalmışam!

Etməmişəm günü hədər,
Mən olan kəs nə dərd edər?
Eşqdə yerdən göyə qədər
Taxy-tac qurub,bac almışam,
Deməyin ki,qocalmışam!

Bir od-aıov var içimdə,
Min od-alov ver,içim də,
Gəlin görün,nə biçimdə
Gözəllərə acalmışam…
Deməyin ki,qocalmışam!

Eşqdən köynək toxumağa,
Gül dərib,gül qoxumağa,
Sevə-sevə oxumağa
Mən təptəzə saz almışam,
Deməyin ki,qocalmışam!

Day,nə deyim axı sizə?
Vurmayın bu yaşı üzə,
Vallah,sizi süzə-süzə
Dönüb təzdən yaz olmuşam,
Deməyin ki,qocalmışam!

Məzahir İsgəndər.