Q A L D I

(Hər anım,hər dəqiqəm, hər günüm,hər udduğum nəfəs üçün SƏNƏ təşəkkür edirəm,RƏBBİM)

Ay məni soruşub-soran dostlarım,
Ömrün çoxu getdi,day azı qaldı.
Aylar,illər ötüb keçdi yel kimi,
Gün-günə,il-ilə tamarzı qaldı.

Bir dartılmış kaman idim,yay idim,
Dağlardan-daşlardan gələn hay idim,
Kükrəyib,səddini aşan çay idim,
Çəkildim,yerində dayazı qaldı.

Arzular silmədi hələ,tərin də,
Bilinmədi dərdi göyün,yerin də,
Köç eylədi yaz da getdi,yerində
Qışların sazağı,ayazı qaldı.

Əlləri göylərə qalıb uzalı,
Ömrün-günün günü oldu sozalı,
Bu yaşa da day çalındı “Vağzalı”,
Sabaha nə işvə,nə nazı qaldı.

Bu gün-sabah ox da çıxar yayından,
Dil də bezər harayından,hayından,
Deyin ki,Məzahir ömür payından
Nə razi,nə də ki narazı qaldı…

Məzahir İsgəndər.
www.kafiye.net