DAŞI TÖK ƏTƏYİNDƏN..

Gəl daha bu daşı tök ətəyindən,
Bu daşı sən mənə çoxdan atırsan.
Özgələr yer verir göz bəbəyindən,
Sən mənə hər cürə böhtan atırsan..

Əsassız böhtanlar nə verir sənə?
Mənə baxışını dəyiş sən Allah.
Sözün var sözünü söylə mərdanə,
Az paslı qılıncla döyüş sən Allah..

Hər yersiz söhbətin,hər yersiz sözün,
Bil ki saçlarıma düşən dənimdir.
Özgəyə dərd vermir alovun,közün,
Sonda elə yenə mənə qənimdir.

Gəl tök ətəyinə yığdığın daşı,
Daşların yerinə mehir yığ bir az.
Tənə əvəzinə hər addımbaşı,
Mənim ürəyimə özün sığ bir az.

Bəli,yığ ətəyə sadaqət yükün,
El daşla ev qurub,qala qoyubdur.
İnsanı insan tək sevdirmək üçün,
Rəbb qəlbi sinədə sola qoyubdur.

Nazlı Hacılı
www.kafiye.net