NECƏ DEYİM GÜLÜMSƏN

Necə deyim sənə,mənim gülümsən?
Mən səni dərmədim,qoxlamadım ki…
Məst olub ətrindən,bir xumarlanıb,
Dizlərin üstündə yuxlamadım ki…

Necə deyim sənə,mənim gülümsən?
Həsrətin içimdə bir hey boy atdı.
Sənə olan eşqim,hissim,həvəsim
Nə rəhmini,nə ruhunu oyatdı.

Necə deyim sənə,mənim gülümsən?
Əllərim əlinə toxunmadı ki…
Dodaqlar yapışıb biri-birinə,
Öz səssiz nəğməsin oxumadı ki…

Necə deyim sənə,mənim gülümsən?
Qarışmadı nəfəsinə nəfəsim.
Üstünə qar yağıb,donub olub buz,
Gül açmadı sənə olan həvəsim.

Necə deyim sənə,mənim gülümsən?
Üzün döndü,gözün məni görmədi.
Sənə doğru uzadılan əllərim
Səni oxşamadı,səni dərmədi…

Necə deyim sənə,mənim gülümsən?
Sənə doğru yol olmadı bir şumal.
Bir ayrı iqlimdə,fəsildəyik biz,
Mən cənub havası,sənsə bir şimal…

Bir ayrı iqlimdə,fəsildəyik biz,
Günahında yanan mənəm,həmi sən.
Mən səni dərmədim,qoxlamadım ki…
Necə deyim sənə,mənim gülümsən?

Mezahir İsgender
www.kafiye.net