DƏYMƏZSƏN GÖZ YAŞIARIMA

(Mininci məktub)

Dəyməzsən…
Göz yaşlarıma dəyməzsən!..
Bu,son məktub,son vida.
Bir butanın üstündə qönçəsi gül açmayan,
rayihəsi,qoxusu hələ ətir saçmayan;
qanadlanıb uçmayan,
səmaları qucmayan eşqimizə əlvida!
Bundan belə unudub kədərimi,qəmimi,
silib gözlərimin nəmini,
ürəyimin yerinə soyuq,
bumbuz,
qapqara daş bağlayacağam.
Büküb qara kəfənə,quylayıb eşqimizi,
nə ağlayıb-sızlayıb,
nə də ki…
nə də ki,yas saxlayacağam.
Yaşayıb ürəksiz-ürəksiz,
düyğusuz-duyğusuz,
hissiz-hissiz,
Dolaşacağam qünyanı vecsiz-vecsiz…
Nə sən varsan,nə də mən…
Day,nə bülbül,
day nə gül,
nə bağça-bağ, 
nə çəmən?!

Dəyməzsən…
Göz yaşlarıma dəyməzsən!..
Bunnan belə nə yellər,
nə yağışlar,
nə heyvanlar,
nə quşlar mənim dilimi bilməz.
Bunnan belə çayları,
dənizləri,
gölləri;
qışı,
yayı,
payızı,
nə də zavallı yazı
mənim dilim dindirməz.
Bunnan belə,dilimi itlər,pişiklər yeyəcək.
Dağlar-daşlar,
otlar,
güllər-çiçəklər:
–yazıq,laldı!-deyəcək.
Bunnan belə ağlasam,mil çəkərəm gözümə!
Bunnan belə–
Leyli,
Şirın,
nə Əsli,
nə Şahsənəm,
nə Gülgəz,
nə də başqa filankəs bir də…
Bir də edəmməz məni aşiq özünə.

Dəyməzsən…
Dəyməzsən göz yaşlarıma!
Göz yaşlarıma dəyməzsən!..
Bunnan belə nə ağlayıb-sızlayıb,
nə də 
zulum-zulum ağlayacağam,
amma…
Amma göz yaşlarım axıb dolmuş çayları,
dənizləri,
gölləri min il…
milyon il bundan
sonraya saxlayacağam.
Onları–
Məcnun olanlara,
Kərəm olanlara,
Fərhad olanlara göstərib,
gözlərimi gözlərinə dikəcəyəm və…
Və öləndə,
özümü kəfən əvəzi o çaylara,
o dənizlərə,
o göllərə bükəcəyəm…

Dəyməzsən…
Dəyməzsən göz yaşlarıma!
Göz yaşlarıma dəyməzsən!..
Bu son məktub,son vida.
Bir butanın üstündə
qönçəsi gül açmayan,
rayihəsi,
qoxusu hələ ətir saçmayan
eşqimizə əlvida!..

Mezahir İsgender
www.kafiye.net