ŞEİR YAZA-YAZA ÖLƏCƏYƏM MƏN

(Şairlərin dilindən)
Bu gün sabah,ya da ki,bir başqa gün
Şeir yaza-yaza öləcəyəm mən.
Ömrün sevinc yükün,ömrün qəm yükün
Dəftərlə,qələmlə böləcəyəm mən,
Şeir yaza-yaza öləcəyəm mən.

Heykəlim sal buzdan yonulmayacaq,
İçim də,çölüm də don olmayacaq,
Gəlişim-gedişim son oımayacaq,
Min ölüb,min dönüb gələcəyəm mən,
Şeir yaza-yaza öləcəyəm mən.

Əyəcəyəm bu dünyanın qəddini,
Keçəcəyəm sərhəddini,səddini,
Elin kədərini,elin dərdini
Öz dərdim,öz qəmim biləcəyəm mən,
Şeir yaza-yaza öləcəyəm mən.

Sorub yurdun doğmasını,yadını,
Çapacağam dağda-daşda atımı,
Nər-namərdin,naxələfin adını
Pozub da dəftərdən siləcəyəm mən,
Şeir yaza-yaza öləcəyəm mən.

Çay olub gurlayıb,axıb,çağlayıb,
Bir çalıb-oynayıb,min yas saxlayıb,
Yetimə-yesirə baxıb,ağlayıb,
Dönüb də,zalimə güləcəyəm mən,
Şeir yaza-yaza öləcəyəm mən.

Soymalanmış…güllələnmiş…asılmış…
Məzarım gah orda,burda qazılmış,
Şair olanlara belə yazılmış…
Yüz ildi,min ildi beləcəyəm mən,
Şeir yaza-yaza öləcəyəm mən!

MƏZAHİR İSGƏNDƏR.
(Bundan belə,adımı şeirlərimin
altında da yazacağam)

www.kafiye.net