DÜNYA AYIRSA DA  ZALIMCA BİZİ

(“Xatirələr”silsiləsindən)

Dünya ayırsa da zalımca bizi,
De,səni unudum axı,mən necə?
Yadındamı? İlk yol tutdum əlindən,
Küləklər durmadan at çapan gecə…

Yadındamı? İlk yol tutdum əlindən,
Sanki qəfil bir quş qondu budağa.
Necə oldu,özümüz də bilmədik,
Necə gəldik birdən dodaq-dodağa…

Hələ də sönməyib o ilk öpüşün
Yanğısı,alovu,atəşi,odu.
Sonralar öpsəm də,öpüşsəm də mən,
Yadımda qalanı təkcənə odu.

Sonradan öpsəm də səndən özgəsin,
Nə dondum,titrədim,nə də ki əsdim.
Dalıb xəyallara,sanki quş olub,
Uça-uça o gecəyə tələsdim.

Yadındamı o titrəyiş,o öpüş?
Çıxmışdı yer-göy də cazibəsindən.
İtirmişdi yer də,göy də özünü,
İki qəlbin bir nəfəsdə səsindən.

Çıxmışdı yer-göy də cazibəsindən,
Yer də,göy də sanki sənlə məniydik.
Hələ yoxdu gözümüzdə kədər,qəm,
Hələ gülüb,min illərin şəniydik…

Yer də,göy də elə sənlə məniydik,
Nə oldu ki,belə uçduq töküldük?
Bir nəğməli,arzu dolu saraydıq,
Yağmalandıq,kərpic-kərpic söküldük.

Sonradan öpsəm də səndən özgəsin,
Nə təmi o təmdi,nə də ki dadı.
O ilk titrəyişin,o ilk öpüşün
İzləri hələ də dodağımdadı…

O ilk titrəyişin,o ilk öpüşün
Nə qocalıb,nə solmayıb bənizi.
Gecə də,gündüz də sənlə birgəyəm,
Dünya ayırsa da zalımca bizi…

Mezahir İsgender
www.kafiye.net