QORX ƏZİZİM, KÖNÜL TƏNHALIĞINDAN.

Gəl öyrətmə tənhalığa özünü,
Hicran odu bürüməsin üzünü.
Söndür təklik alovunu,közünü,
Qorx əzizim,könül tənhalığından!

O,aləmdə göz yaşı var,kədər var,
Nisgillik var,üzüntü var,qəhər var,
Dərd məşəli,lap bu dünya qədər var,
Qorx əzizim,könül tənhalığından!

Tənha olsan susuz gül tək solarsan,
Səhər-axşam bulud kimi dolarsan,
Gəncliyini illərdən tez yolarsan,
Qorx əzizim,könül tənhalığından!

Eybi yoxdur,yolda-izdə tək dolan,
Qəmin varsa,o,qəmi də çək dolan,
Qəlb təkliyi saray olsa,sök dolan,
Qorx əzizim,könül tənhalığından!

Sən olsan da lap eyibsiz bir mələk,
Tənhalıqdan gen gəzəsən,gen gərək,
Bu dünya da elə sən də mənim tək, 
Qorx əzizim,könül tənhalığından!

3.oktyabr.1998.
Zaur  VEDİLİ
www.kafiye.net