ÖZÜN BİL..

Tənə eyləmirəm daha mən sənə,
Necə yaşayırsan yaşa, özün bil.
Vallah oxşamırsan daha sən sənə,
Sevgini vermisən xışa,özün bil.

Bir vaxtlar ovqatda saz idi eşqin,
Çox idi demərəm,az idi eşqin,
Mən səni sevəndə yaz idi eşqin,
Döndərdin şaxtalı qışa,özün bil..

Bir düşün,saxlama qışın tərəfin,
Müdrik ol,lənətlə çaşın tərəfin,
Sən Allah bülbül tək quşun tərəfin,
Vermə Bayquş kimi quşa,özün bil.

Sevgimi özgəyə bəsləmirəm mən,
Sənin də sevgini pisləmirəm mən,
Səni qul olmağa səsləmirəm mən,
Ol mənim qəlbimə Paşa,özün bil.

Nazlıyam,zənn etmə dil uzadıram,
Mən sənə barışa əl uzadıram,
Geriyə qaytarma,ləl uzadıram,
Bu da gəlməyirsə xoşa,özün bil.

Nazlı Hacılı
www.kafiye.net