SƏNİN ACIĞINA.

Sənin acığına sevən könlümü,
Eşq dolu bir qəlbə mən bənd edəcəm.
Günəşə çevrilib bütün dünyanı,
Məhəbbət nuruna bülənd edəcəm.

Sənin acığına güllər-çiçəklər,
Mənim yollarıma ətir saçacaq.
Acı göz yaşları,hicran alovu,
Məndən uzaqlaşıb,sənə qaçacaq.

Sənin acığına işıqlı səhər,
Sənin taleyində gecə olacaq.
Tikana dönəcək açan güllərin,
Susuz qönçə kimi çöhrən solacaq.

Sənin acığına mənim sevgimi,
Bütün bəşəriyyət alqışlayacaq.
Hər kəs təmiz qəlblə “xoşbəxt ol”deyib,
Mənə bu dünyanı bağışlayacaq,

Sənin acığına xoşbəxtlik özü,
Məni öz qoynunda bəsləyəcəkdi,
Ancaq belə qəlblə ayrılıq,həsrət,
Səni addım-addım izləyəcəkdi.

Sənin acığına,qaynar bulaqlar,
Səni görən zaman quruyacaqdı.
Təkcə Zaur deyil,elə qəlbim də,
Eşqimi gözü tək qoruyacaqdı.

19.yanvar.1999.
Zaur VEDİLİ