ZƏFƏR SƏNİNDİ VƏTƏN!

Aydın səmalarını qara duman alsa da,
Əsən yellər səninçün qəm laylası çalsa da,
Güllərin,çiçəklərin qönçələnib solsa da,
Min yerdən,milyon yerdən yaraların olsa da,
Yenə əymə qəddini,uca tut başını sən,
Zəfər sənindi Vətən!

Fələk bu tərs gedişə qoşa qanad taxsa da,
Güllələr yağış kimi üstümüzə yağsa da,
Susuz çöllərə su yox,şəhid qanı axsa da,
Qəzəbin ürəyində şimşək kimi çaxsa da,
Qapqara saçlarına düşsə də vədəsiz dən,
Zəfər sənindi Vətən!

Həyat bizi bu yolda sınaqlara çəksə də,
Yaralı qəlbimizdə qəm sarayı tiksə də,
Analar sel-su kimi gözündən yaş töksə də,
Müvəqqəti, kədərə sevinc boyun büksə də,
Əmin ol,çəkiləcək göylərindən duman,çən,
Zəfər sənindi Vətən!

Biz öz torpağımızda olsaq da qaçqın,köçkün,
İntizardan şam kimi ərisək də günbə-gün,
Aləmə yayılsa da ahlı,iniltili ün,
Biz sənin azadlığın,müstəqilliyin üçün,
İnan ki,ömrümüzü bölərik yarıdan tən,
Zəfər sənindi Vətən!

Hər daşın,hər kəsəyin bir müqəddəs pirdi,pir,
Hər qara daşın altı açılmamış sirdi,sirr,
Şaxta-boran zərrəcən eləməz bizə təsir,
İki dünya dəyişib olsa da bu yolda bir,
Sənin qoynundayıqsa,ömrümüz keçəcək şən,
Zəfər sənindi Vətən!

Sinənə milyon yerdən basılsa da yanar köz,
Xəzana çevrilsə də yaşıl çəmən,yaşıl düz,
Hər ağrıya-acıya dözübsən,yenə də döz,
Yenə də budur sənə söyləyəcəyim son söz,
Qoynunda müvəqqəti düşsək də pərən-pərən,

Zəfər sənindi Vətən!

Zaur VEDİLİ
1-dekabr-1997.
www.kafiye.net