ATALAR DÜNYADAN KÖCƏNDƏ..

Evin şən günləri göyə sovrulur,
Atalar dünyadan köçəndən sonra.
Ananın ürəyi gizli qovrulur,
Atalar dünyadan köçəndən sonra.
XX
Araya dərin bir sükunət çökür,
Kədər anaların qəddini bükür,
Qızlar atalarçün göz yaşı tökür,
Atalar dünyadan köçəndən sonra.
XX
Hüzün bur-bucağa bir nisgil saçır,
Həsrət küləkləri qol-qanad açır,
Çölməkdə bişmişin dadı da qaçır,
Atalar dünyadan köçəndən sonra.
XX
Evdə oğul-uşaq qəmgin olurlar,
Hər sözdən kövrəlib tez-tez dolurlar,
Oğullar dərd çəkir,qızlar solurlar,
Atalar dünyadan köçəndən sonra.
XX
Sevinc,şadlıq sanki qəlbə yapışmır,
Günlər ağır keçir,bitmir,ötüşmür,
Evdə elə bil ki,nəsə çatışmır,
Atalar dünyadan köçəndən sonra.
XX
Atasız evlərə sıxıntı dolur,
Atasız övladın bağrı qan olur,
Nə yaxşı yerində analar qalır,
Atalar dünyadan köçəndən sonra.

Nazlı Hacılı.
www.kafiye.net