ƏMRİNİ GÖZLƏYİRİK

Bəsdir bir belə susduq, tarix bizi qınayır,
Bəsdir dedik fələyə bizlə oyun oynayır,
Qəlbimizdə intiqam qaynadıqca qaynayır,
Yolunu kəsməliyik mütləq qara dumanın,
Əmrini gözləyirik Ali Baş Komandanın!

Düşmən tapdağındadır torpağımız, daşımız,
İmdad – deyib inləyir, vallah, hər qarışımız,
Geri almalıyıq ki, uca olsun başımız,
Qələbə bizimkidir, ey igidlər, inanın!
Əmrini gözləyirik Ali Baş Komandanın!

Düşmənlər bağlayıbdır hər bərəni, hər bəndi,
Yandırıb kül eləyib neçə şəhəri, kəndi,
Haray Çəkir Xocalı, Şuşa, Laçın, Xankəndi,
Ruhu od tutub yanır Xan qızı Natəvanın,
Əmrini gözləyirik Ali Baş Komandanın!

Göylərə qalxmışıqsa niyə enməliyik biz?
Günəşdən nur almışıq, niyə sönməliyik biz?
Vətəndə vətənsizə niyə dönməliyik biz?
Daim üstümüzdədir kölgəsi Yaradanın,
Əmrini gözləyirik Ali Baş Komandanın!

Talandı torpağımız, dövlətimiz, varımız,
Rahat ömür sürməyə yoxdur ixtiyarımız,
“Ya Qarabağ, ya ölüm!” budur son qərarımız,
Gərək intiqamını alaq hər damcı qanın,
Əmrini gözləyirik Ali Baş Komandanın!

23.06.2006
Zaur  VEDİLİ
www.kafiye.net