NİYƏ BOYNUN BÜKÜLÜBDÜ BƏNÖVŞƏ.

Səni gördüm camalından doymadım,
Ürəyindən nələr keçir, duymadım,
Əl vurmağa,oyatmağa qıymadım,
Bahar çağı gəldim sənlə görüşə,
Niyə boynun bükülübdü bənövşə?

Hər gözəllik yaraşsa da hüsnünə,
Bəlkə elə dəyən olub xətrinə?
Vallah, billah bir dənəsən,bir dənə,
Heç vaxt sənsiz olmasın bağ,çöl,meşə,
Niyə boynun bükülübdü bənövşə?

Elə bil ki,səni səndən alıblar,
Bəxt qapında qəm nəğməsi çalıblar,
Bəlkə səni yardan ayrı salıblar?
Qəlbin düşüb həsrət adlı atəşə,
Niyə boynun bükülübdü bənövşə?

Bal dadlısan,kim deyir ki, acısan?
Bütün qəlbi kövrəklərə bacısan,
Sanıram ki, sən çiçəklər tacısan,
Kədərə yox,bürün hər vaxt gülüşə,
Niyə boynun bükülübdü bənövşə?

Körpə kimi sığal çəkdim başına,
Az qaldım ki,bürünəm göz yaşına,
Çox gəlirsən sən Zaurun xoşuna,
Yox,qıyamaram ürəyinə xal düşə,
Niyə boynun bükülübdü bənövşə?

26-mart-2006
Zaur  VEDİLİ
www.kafiye.net