QƏLƏBƏ BİZİMKİDİR

Heç nədən sarsılmayıb yalnız irəli gedək,
Həm yurdu, həm mlləti xoşbəxt bəxtiyar edək,
Ürəkdə bir arzu var, çalışaq ona yetək,
Yarıb qaranlıqları açaq nurlu səhəri,
Qələbə bizimkidir, Azərbaycan əsgəri!

Ürəyində olmasın nə qorxu, nə həyəcan,
Qələbə əzmi ilə irəli get hər zaman,
Günəşin qarşısında neyləyəcək çən-duman?
Arxada qoymalısan çətinliyi, dərd-səri,
Qələbə bizimkidir, Azərbaycan əsgəri!

Fələk tərs oyun qurdu, biz olduq yurddan qaçaq,
Məşələ dönməlidir mütləq hər sönmüş ocaq,
Geriyə yol yoxdur yox, ümid sənədir ancaq,
İşğaldan azad elə Şuşanı, Kəlbəcəri,
Qələbə bizimlədir, Azərbaycan əsgəri!

Rahatlıq nədir bilmə gecəni gündüzə qat,
Ağdama, Xocalıya Laçına elə imdad,
Şəhidlərin ruhu da narahatdır, narahat,
Qoyma çox tərs fırlana zəmanənin təkəri,
Qələbə bizimkidir, Azərbaycan əsgəri!

Xəzana dönsə belə ömrünün bahar çağı,
Yaraşmaz qara gündə qoyasan Qarabağı,
Yalnız sənə güvənir doğma Vətən torpağı,
Bağlı sərhədləri yar, eşidək o, xəbəri,
Qələbə bizimkidir, Azərbaycan əsgəri!

26.07.2008
Zaur VEDİLİ
www.kafiye.net