Məhkum
Oxunubdu hökmüm artıq ,
bir məhkumam .
Saçlarım ağarmağa ,
gözlərim görməyə ,
qulaqlarım eşitməyə 
məhkum . 
Quşlar uçmağa ,
balıqlar üzməyə ,
yarananlar ölməyə
məhkum .
Məhkumam öyrənməyi
eşitdiyimi eşitməyib ,
gördüyümü görməməyə ,
maskalanıb 
içində boğulmağa ,
içimə yığılmağa ,
içimdən dağılmağa , 
ürəyimi oynadan 
sevgiylə oynamağa 
məhkumam .
Onsuz da mən məhkumam ,
nəyimə gərəkdi bu qədər sevgi
götürün ,
paylaşın aranızda ,
bəlkə bir gün məlhəm oldu
yaranıza .
Bir məhkumam yer üzündə ,
Tanrı verən bu ömrü
yaşamağa məhkum olan
bir məhkumam .
Elə sən də ,
dustaq qardaş ,
çox qəm yemə , fərqi yoxdu ,
günahkarsan ,
günahsızsan , sən məhkumsan –
dörd divarın arasında ,
mən məhkumam – 
dişlərimin arxasında .

Cavanşir Asger
www.kafiye.net