Güzgü Qabağında

Salam , Xoş gördük , ay adam ,
Əlini uzat görüşək .
Bəlkə oturub dərdləşək ?
Birlikdə deyək , gülüşək .

Bacarırsan , tut əlimi,
Mən sağ əlli , sən solaxay.
Aramızda nazik pərdə –
Keçilməz sədd o tay , bu tay.

Dodaqların pıçıldayır ,
Danışırsan , çıxmır səsin .
Mən bu tayda nəfəsinəm ,
Sənsə , o tayda qəfəsim .

Hirslənib çatma qaşını ,
Elə belə dayan gendə .
Nəfəsəm , getsəm gəlməsəm ,
Uşaq , böyük qorxar səndən .

Saçın , saqqalın ağarır , 
Kədər qonur gülüşünə.
Yaman gecikdirdin məni ,
Getdim .
Çıx get öz işinə .

Cavanşir Əsgər
www.kafiye.net