VEDİLİLƏR,VEDİ BİZSİZ QALIBDI!

Göyçəlilər,dağılmayın Göyçədən!
H.Arif.

İndi sönüb o,yerlərin çırağı,
Külə dönüb alovlanan ocağı,
Soyuyubdu indi isti qucağı,
Vedililər,Vedi bizsiz qalıbdı!

Quruyudu yaşıl donlu bağları,
Çoxalıbdı sinəsində dağları,
Qəribsəyir indi Vedi dağları,
Vedililər,Vedi bizsiz qalıbdı!

Qərib ruhlar hey dolanır başında, 
İzimiz var o,yurdun hər daşında,
Qəlbi gülməz qəriblikdə quşun da, 
Vedililər,Vedi bizsiz qalıbdı!

Səmasında qara yellər dolanır,
Qəm odunda xoş günləri qalanır,
Dərd həsrətə,həsrət dərd calanır,
Vedililər,Vedi bizsiz qalıbdı!

İndi onun nə dərdini bilən var,
Nə də qanlı göz yaşını silən var,
Oyur onun ürəyini intizar,
Vedililər,Vedi bizsiz qalıbdı!

Ağlar qalıb indi Şiddi,Qaralar,
Həsrət odu daş qəlbi də paralar,
Ürəyini oyur,üzür yaralar,
Vedililər,Vedi bizsiz qalıbdı!

Zaur indi batıb ağır bir yasa,
At yurdum,doğma kəndim Xalisa,
Ömür yolum oldu orda çox qısa,
Vedililər,Vedi bizsiz qalıbdı!

23.fevral.1994.
www.kafiye.net