ÖZÜM ÜÇÜN DƏ..

Mənalı-mənalı üzümə baxdın,
Bu bir sirrə dönüb üzüm üçün də.
Üz-üzə qəlbimi sən elə yaxdın,
Müəmma qalıbdır közüm üçün də.
**
Başımda durmadı,sürüşdü yaylıq,
Sanki vüsalıyla görüşdü yaylıq,
Baxma lal dayandım,bu ani lallıq,
Bir özül yaratdı sözüm üçün də.
**
Baxıb ürəyini aydan oxudum,
Üzünə al düşən laydan oxudum,
Sanma mən dözümə meydan oxudum,
Bu dözüm dərs oldu dözüm üçün də.
**
Sandım bu baxışda sökülür danım,
Bu boyda olayı nə təhər danım,
Ondan can atmadım çözümə,canım,
Çünki yer qalmadı çözüm üçün də.
**
Hacılı o günü hopdurub qana,
Bir söz söyləyəcəm onu et tana,
Səni qorumuram tək səndən yana,
Səni qoruyuram özüm üçün də..

Nazlı Hacılı.
www.kafiye.net