Azərbaycanda

Şəfəqi ,şöləsi İdrak,İnamlı
Bir Ocaq qalanır Azərbaycanda.
Nuru Günəş kimi aləmə saçan,
Bir İnam yaranır Azərbaycanda.
 
 
Adamlar selində İnsan axtaran,
İnsana tapınıb İnam yaradan,
Bəşərin səhvini ona anlatan,
Carçılar aranır Azərbaycanda.

Dünyaya tac idi elmi,bilimi,
Urmudan Zərdüştdən İnsan təlimi,
Dədəm Qorquddandır Haqqın elimi,
Dastanlar dolanır Azərbaycanda.

Babək tək azadlıq fədaisi var,
Aşiqlik qüdrətli Füzulisi var,
Nəimi,Nəsimi ,hürufisi var,
Ocaqlar qalanır Azərbaycanda.

Döşəmə Koroğlu ərlik ərdəmi,
Dübeyti,şəşəngi,cəngi,dilqəmi,
Ruhani ,saritel,yanıq kərəmi,
Könüllər oxşanır Azərbaycanda.

Çahargah ,Zabulu,orta Mahuru,
Rast ilə Segahı,Şahnazı ,Şuru,
O zili mənsuru Həllacın nuru,
Necə var saxlanır Azərbaycanda.

Sulduz ,Mərənd,Təbriz,Maku ,Həmədan,
Urmu,Araz,Arpa,Murğuz,Savalan,
Zəngəzur,Borçalı,Göyçə ,İrəvan,
Qarabağ ağlanır Azərbaycanda.

Bakı ,Qazax,Gəncə ,Yevlax,Lənkəran,
Tərtər,Bərdə,Quba,Gədəbəy,Şabran,
Göyçay,Mingəçevir,Ağsu,Naxçıvan,
Azadlıq çağlayır Azərbaycanda.

Amal sırmasında dürrdanəyik biz,

Azadlıq eşqinə pərvanəyik biz,
Ölümü oldürən divanəyik biz,
Türk ruhu ucalır Azərbaycanda.

Dünya qaranlıqda ,işığa həsrət,

Yarada bilmədi insana heyrət,
Nur edər cahanı İnsanlıq əlbət!
Insanlıq nurlanır Azərbaycanda.
Elli ATAYURDU
www.kafiye.net