Götürün məni

Kamal məktəbinin üstü qar boran,
Qızıldan əllərə götürün məni.
Ədalət,Ləyaqət ruhu yaradan,
Hürmüzlü illərə götürün məni.

Qürurum,Vüqarım ərlik Ərdəmim,
Azadlıq Fərəhim ömür həmdəmim,
Dədəsiz dünyada Qorqud həsrətim,
Ənəlhəqq dillərə götürün məni.

Sevgi yelkəniylə dəryalar yaran,
Eşqdən qanad açıb göylərə uçan,
Dünyaya cahana şəfəq,nur saçan,
Məcnunlu çöllərə götürün məni.

Üşşağ işığında,bərdaş odunda,
Maye harayında,Kədər dərdində,
Mütləqin Göylərdə Əzəl yurdunda,
Açılan qollara götürün məni.

Sazın pərdəsinin qılınc səsində,
Ellinin Şükürə qələbəsində,
Dünyanın nicatı dörd kəlməsində,
Yazılan Yollara götürün məni.

Elli ATAYURDU
www.kafiye.net