Yene Şükür Edirem

El ücün çox oldu arzu, diləyim,
Tale kəmliyimdən sizladı qəlbim.
Budaqda tər qaldı qönçə çiçəyim,
Qaranlıq zindana döndü sabahım,
Yenə şükür edirəm sənə Allahım.

Döndü leysan oldu, axdı göz yaşım,
Daşdan daşa dəydi bəlalı başım,
Axır tənha qaldım, yoxdu sirdaşım,
Bürüdü hər yanı, fəryadım, ahım,
Yenə şükür edirəm sənə Allahım.

Qalıbdı dilimdə bir quru adım,
Qərq oldu dəryada inci muradım,
Yandırıb hər yanı atəşim, odum,
Bilmədim nə idi axı günahım,
Yenə şükür edirəm sənə Allahım.

Bülbülsüz bir güləm, rəngim saralır, 
Fağır ürəyimi qüssə, qəm alır, 
Vaxt keçir, zaman da elə daralır, 
Rəhm elə, son anda sənsən pənahım,
Yenə şükür edirəm sənə Allahım.

Pünhanəyəm, qulun olan bəndəyəm,
Bilmirəm, kim oldum, axı nəçiyəm,
Ağacdan qırılmış budaq kimiyəm,
Ey Ulu Yaradan sənsən Dərgahım,
Yenə şükür edirəm sənə Allahım.

Punhane Eliyeva
www.kafiye.net