Harda Arayım
Yollara baxmaqdan gözüm usanır,
Yollar qısalmır ki, yollar uzanır.
Cismim itirəni ruhum qazanır,
Həsrət alovunda varlığım yanır,
 Məni məndən alan, məhəbbət payım,
Səni harda gəzim, harda arayım.

Sənə qovşmağa yox bir əlacım,
Carəsiz qalmışam, çəkilməz acım,
Bu tənha könlümə sən ehtiyacım,
Səndən başqa yoxdu heç bir möhtacım,,
Ünüm yetməz olub, yoxdur harayım,
Səni harda gəzim, harda arayım.

Bir ömür dilimdə sənsən əzbərim,
Səni unutmağa catmır hünərim.
Mənə divan tutur bu dərdi-sərim,
Sən mənim ürəyim, ruhum, sərvərim,
Sənsiz nur ələməz günəşim, ayım,
Səni harda gəzim, harda arayım.

Bir bahar səhəri mehdə-jalədə,
Bir yaşıl zirvədə, dağda-dərədə.
Mən səni görürəm hər vaxt, hər vədə,
Yaşayır qəlbimdə vurduğun zədə,
Qarlı qışa dönüb baharım, yayım,
Səni harda gəzim, harda arayım.

Pünhanəyəm, mənə cavab ver barı,
Ay varkən yox olan,  yox ikən varım.
Səni ağrıtmırmı bu qədər ağrım,
Barı yuxuma gəl vəfasız yarım,
Sən mənim qismətim, sən mənim tayım,
Səni harda gəzim, harda arayım….
Punhane Eliyeva

www.kafiye.net