Gördüm

Bal deyib zəhər etdilər suyumu,
Gəlib yasa çevirdilər toyumu.
Üzümə gülənlər qazdı quyumu,
Çox “mələyin” quyruğun şələ gördüm.

Qardaşa içirdi qardaşın qanın,
Adı dəli oldu həssas, duyanın.
Para oldu bünövrəsi cahanın,
Doğulandan döyüş, vəl-vələ gördüm.

Yaddaşıma bağladılar kilidi,
Tanımadım düşmənimi kim idi?!
Yaman günə saxlamışdım ümidi,
Sonda heçnə gəlmədi ələ gördüm.

Kimi qızıl dibçəkdə əkir gülü,
Kimi başa tökməyə tapmır külü.
“Hörmət”-in eləmədiyi müşkülü,
Çox saldı kasıbı get-gələ gördüm.

Yar dediyim yadı taxdı qoluna.
Elə əğyar layiq imiş soluna!
Mən gül səpdim dostlarımın yoluna,
Onlara gedəndə min tələ gördüm.

Meh söylədim tufana, çovğunlara,
Eşq dedim tilsimlərə, ovsunlara.
Rəhimli, necə dözmüsən bunlara?
Mən dözməzdim, səndə hövsələ gördüm.

Aygün Rəhimli
www.kafiye.net