Məhşərəcən Yatacam

 

Mən ki qulam, nə şaham, nə vəzirəm.
Eşqimizin başına bir nəzirəm.
Sevginə inanıb suda gəzirəm,
İnamı itirsəm, o an batacam.

Külək olub hey yanına uçuram.
Tərpədirəm, pəncərəni açıram.
Yuxumda da,bəxt dalınca qaçıram,
Dayanmasam əlbət bir gün çatacam.

Həsrətin əlindən dönmüşəm buza,
Toxunuşun yetər,gərək yox yaza.
Fələk məni dərdə satdı ucuza,
Yarım gəlsin,mən də, dərdi satacam.

Dan yerini kipriyimlə yarıram.
Hər gecəyə bit deyə yalvarıram.
“Ayrılıq”-la “Ölüm”-ü axtarıram,
Onların suyuna zəhər qatacam.

Rəhimli, bu qədər getmə dərinə,
Biri sənə gərək, sən də birinə.
Bu yuxusuz gecələrin yerinə,
O dünyada məhşərəcən “yatacam”

Müəllif: Aygun Rehimli
www.kafiye.net